 
         
         
         
         
         
            


 Məlumdur ki, XVI əsrdən başlayaraq Rusiyanın  iddiası Baltik dənizinə,  Sakit okeana, Qara dəniz  vasitəsilə Aralıq dənizinə, habelə İran körfəzinə çixış yolunu  təmin etmək idi. Xüsusilə Çar Rusiyasının  Qafqaz siyasəti burada əsas yer tuturdu. Məqsəd Qafgazı bütünlüklə  zəbt etmək, ilk növbədə müsəlmanlar  yaşayan ərazilərdə xristianlardan ibarət bufer zona yaratmaq idi. Məhz bu məqsədlə  Romanovlar sülaləsinin hakimiyyəti dövründə  Rusiya Türkiyəyə qarşı 11 dəfə, İrana qarşı  3 dəfə geniş miqyaslı müharibələr aparmış, onlara qalib gəlmiş və  yeni-yeni əraziləri zəbt etmişdir. Qafqaz  istiqamətində aparılan müharibələrin əsasını I Pyotr qoymuşdur. Onun hakimiyyətinin  29 ilinin 28 ilini Rusiya müharibələrdə keçirmişdir.  Zaqafqaziyanı zəbt etmək üçün aparılan  müharibədə erməni kartından məharətlə  istifadə edilir, ermənilərin  ərazi  iddiaları və təklifləri Rusiyanın hakim dairələri tərəfindən dəstəklənirdi.
Osmanlı Türkiyəsində,  İran şahlığında yaşayan ermənilər arasında milli  psixoz ruhu alovlandırılır, daxili iğtişaşlar təşkil edilirdi. Bu sahədə İranda yaşayan Hakop Cuğalı, Rusiyanın yüksək dairələrində  dəstəklənən Israil Ori xüsusi fəallıq göstərirdilər.  Onların məqsədi Zaqafqaziyada milli erməni dövləti üçün baza yaratmaq idi, və  bu işdə onlar, “xristianlıq bayrağı altında birləşmək” şuarını məharətlə  istifadə edərək, həm Rusiya, həm də  Avropa ölkələrinin  yardımından  faydalanırdılar. Hadisələrin xronologiyasını izləyək:
1667-ci il. Çar hökuməti  ilə erməni tacirləri arasında ticarət müqaviləsi bağlanır və bununla Rusiya  dövləti ərazisində ipək ticarəti erməni  tacirlərinin monopoliyasına keçirilir.
1699-cu  il. İsrail Ori Angeğakotda  ( Sisyan rayonu,  rayon mərkəzindən I0 km  şimal-şərqdədir, I831-ci ildə cəmi 276 nəfər erməni əhalisi olub) Sünik  məlikləri ilə gizli müşavirə keçirir. Orada Ermənistanı azad etmək xahişi barədə   I Pyotra  müraciət qəbul edilir.
1701-ci il. I Pyotr İsrail Ori ilə görüşür, ermənilərə hərtərəfli yardım göstərməyə təminat verir. 
  I724-cü il 10 noyabr. I Pyotr erməni  xalqını öz himayəsinə almaq haqqında  fərman  imzalayır. Bundan sonra Şimali Qafqazda və Kaspi ətrafı rayonlarinda yaşayan ermənilərə  xüsusi imtiyazlar verilir.
    1735-ci ildə Gizlyarda, 1763-cü ildə  Mozdokda, Həştərxanda iri erməni icmaları yaranır. Rusiya ərazisində erməni  icmalarının yaradılması geniş vüsət alır.
    1768-ci il. İİ Yekaterina erməniləri  Rusiyanın himayəsinə almaq haqqında fərman imzalayır.
1769-cu il. Movses  Safaryan tərəfindən tərtib edilmiş Ermənistanın azadlıq Proqramı rus hakimiyyət  orqanlarına təqdim olunur.
I781-ci il. S-Peterburqda  Qriqor Xaldaryanın mətbəəsi təşkil olunur ki, bu da erməni şovinizminin  formalaşmasında, müsəlmanlara qarşı nifrət hissinin gücləndirilməsində mühüm  rol oynayır.
I781-I786-cı illər.  Rus qoşunları vasitəsilə Ermənistanı azad etmək haqqında erməni siyasi xadimləri  ilə Rusiya arasında yazışmalar və danışıqlar aparılır.
I783-cü il.  H.Arğutyan və H.Lazaryan tərəfindən təşkilatlanmış rus-erməni ittifaqının ilk  layihəsi rus hökumətinə təqdim olunur. Bələliklə, İran və Türkiyə ərazilərinə  yaxın sahələrdə beşinci kolonna təşkil olunur, ideoloji, iqtisadi baza yaradılır. 
1796-cı il. Rus qoşunlarının  Zaqafqaziyaya hücum əməliyyatları başlanır.
1801-ci il. I Aleksandrın I2 sentyabr tarixli manifestinə əsasən Şərqi  Gürcüstan, habelə, Lori, Qazax, Borçalı bölgələri də Rusiyaya birləşdirilir.
1804-I8I3-cü illər. Rusiya-İran müharibəsi.
1804-cü ilin may ayı. Rus qoşunlarının  İrəvana birinci yürüşü.
1805-ci il 14may Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyaya  birləşdirilir.
I806-I8I2-ci illər. Rusiya – Türkiyə müharibəsi.
1808-ci il. Rusiya qoşunlarının Irəvana ikinci yürüşü. 
1808-ci il. Rus qoşunları Naxçıvanı zəbt edir.
1813-cü il. Gülüstan müqaviləsi bağlanır.
1826-I828-ci illər. Rusiya - İran müharibəsi.
I826-cı il 13 sentyabr. Rus qoşunları Gəncə cəbhəsində qələbə  qazanır.
1827-ci il mart-may  ayları. Tiflisdə erməni könüllü birləşmələri təşkil edilir. Onlar Irana qarşı  müharibədə iştirak edirlər.
1827-ci il 2 aprel. Rus qoşunlarının İrəvan üzərinə üçüncü  yürüşü.
1827-ci il 13 aprel rus qoşunları Eçmiadzini  zəbt edirlər.
1827-ci il 27 setyabr. Rus qoşunları  İrəvanı mühasirəyə alırlar
1827-ci il 1 oktyabr. Rus qoşunları İrəvanı zəbt edir.
1828-ci il 10 fevral.  Türkmənçay müqaviləsi bağlanır. İrəvan və Naxçıvan xanlıqları, Ordubad diyarı  Rusiyanın hakimiyyəti altına keçir.
1828-I829-cu illər. Rusiya – Türkiyə müharibəsi.
1829-cu il 2 sentyabr. Adrianopolis sülh müqaviləsi bağlanır.  Qars vilayətinin bir hissəsi Rusiyanın tabeliyinə keçir.
Hadisələrin  xronologiyasını verməkdə məqsədimiz onların Qərbi Azərbaycan torpağında yaşamış  azərbaycanlıların taleyinə acınacaqlı təsiri haqqında tam təsəvvür yaratmaqdır. 
     Çar Rusiyasının əsas məqsədlərindən biri  ilk növbədə İrəvan xanlığını zəbt etmək idi. 1826-I828-ci illərdə bu istiqamətdə  gedən vuruşmalar azərbaycanlılar yaşayan kəndlərdən keçmişdir.Nəticədə onların əksəriyyəti  dağıdılmış, əhalisi didərgin salınmışdı. Bu barədə aşağıda ətraflı danışılacaqdır.
İranla apardığı müharibədə Çar Rusiyasının qələbəsi İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində Azərbaycan-türk  milli-dövlət qurumunun ləğvinə gətirib çıxartdı. Çar hakimiyyət orqanları  xanlıqların inzibati ərazi bölgüsündə dərhal ciddi dəyişikliklər apardılar.  I828-ci il 2I mart tarixli dekretlə Erməni vilayəti (məhz Ermənistan vilayəti  yox, Erməni vilayəti, yəni Armyanskaya oblast) təşkil edildi. Söhbət gedən ərazidə  Erməni vilayəti yaratmaqla Çar Rusiyası hakim dairələrinin məqsədi müsəlman  Yaxın Şərqi ilə xristian Rusiyası arasında bufer zona yaratmaq, ermənilərin məqsədi  isə etnopsixoloji xülya olan  “Böyük Ermənistan"ın  özülünü qoymaq idi.
