 
         
         
         
         
         
            


Bolşevik  çevrilişi ərəfəsində  poçt və bankları  qarət edən ermənilər Leninə güclü maddi yardım göstərmiş və bununla da onun  silahdaşlarına çevrilmişlər.  V.Leninin  razılığı ilə 1920 ildə onlar ərazi iddialarını təmin edə bilmişlər. Belə ki, azərbaycanlılar  yaşayan Zəngəzur və Göycə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan  qoparılıb Ermənistan respubükası yaratmaq naminə ermənilərə bağışlandı. 
Ermənistan  SSR-i yarandığından cəmi 15  gün sonra - 1920-ci il dekabrın 13-də V.Leninin  göstərişi ilə RSFSR Xalq Komissarları Soveti Ermənistana təcili iqtisadi yardım  göstərmək haqqında xüsusi qərar qəbul etdi. Bunun  əsasında Ermənistan  1921-ci ildən 1922-ci ilədək Sovet Rusiyasından 3,5 milyon rubl qızıl pul, 426  inin pud taxıl və un, xeyli miqdarda balıq, düyü, şəkər, parça, dava-dərman,  yanacaq, paltar, kənd təsərrüfatı malları və s. almışdı. Ermənistan  Rusiyadan hər ay 166 min rubl qızıl pulla yardım,  110 vaqondan çox taxıl, 11 vaqon şəkər, 7  vaqon dava-dərman almışdı.
Sovet  Ermənistanına toxuculuq fabriki üçün 18 miniyi olan qurğular, 25 vaqon parça, xeyli miqdarda  başqa ərzaq məhsulları, material va qurğular göndərilmişdi.
Ermənistan Xalq  Komissarları Sovetinin sədri A.Myasnikyanla söhbəti zamanı V..Lenin demişdir: "Biz sizə yardım göstərəcəyik. Əgər pula ehtiyacınız olsa  pul verərik, əgər materiallara ehtiyacınız olsa material alarsınız...".
Bu elə bir dövr idi ki, Rusiyada  aclıqdan gündə minlərlə adam həlak olurdu. Ermənistana bu kimi yardım göstərən  yüksək rütbəli şəxslər 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırımın  nəticəsində məhv edilmiş, 280 min nəfərdən çox azərbaycanlı əhalinin acı taləyini  eyni nəzərlərinə belə almamışlar.
Şübhəsiz, Sovet  quruluşunun 70 ildən artıq bir dövründə SSRI ərazisinin 0,13 faizi qədər ərazisi  olan Ermənistana göstərilən bu kimi yardım kommunistlərlə erməni millətçilərinin  həmrəyliyindən irəlı gəlirdi.
Erməni təcavüzkarları  tarixə qarşı da genosid siyasətinə əl atdılar. Məlumdur ki, Ermənistan SSR  yaranmamışdan onun zəbt etdiyi Qərbi Azərbaycanda  kəndlərin 95 faizdən çoxunun adi türk mənşəli  olmuşdur.  Rusiya imperiyasının 90 illik  hakimiyyəti ərzində bu ərazidə kəndlərdən yalnız bir neçəsinin adı çar ailə  üzvlərinin şərəfinə dəyişdirilmişdir. Məsələn, Gümrü  Aleksandropol adlandırılmışdır. Rusiyadan Zaqafqaziyaya köçürülmüş  duxoborları,  ikinoborları, molokanları yerləşdirmək üçün Vorontsovka, Novo-Mixaylovka,  Rus-Qerqer, Nikitino, Nadejdino, Yelenovka, Semyonovka, Konstantınovka,  Bazarçay, Borisovka, Novo-Dilican, Qolovino adlı  yeni kəndlər salınmışdır.
Bir sözlə, Rusiya  imperiyasının hakim dairələri türk mənşəli qədim Azərbaycan toponimlərinə hörmətlə  yanaşaraq onlara demək olar ki toxunmamışdır. Kommunist rejimi zamanı isə qısa  vaxt kəsiyində azəri toponimləri tam erməniləşmişdir. Bu özü genosid siyasətinin  bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer  üzündən silinməsinə xidmət edirdi. 
Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi  başlandı və ilk olaraq  Gümrü  (Aleksandropol) Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu.  1935-ci ildə 195 kəndin, 1945-ci ildə 39 kəndin, 1946-cı ildə 120 kəndin,  1947-1978-ci illərdə 400-dən çox kəndin, 1978-80-ci illərdə 300-dən çox kəndin,  1991-ci ildə isə qalan 94 kəndin adı dəyişdirildi.
Bir çox hallarda  yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə  olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir. Diqqət yetirin: Dəmirçi-Darpnik,  Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik,  Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxçaberd-Voxçaberd, Yengicə-Norabats,  Xaçaparaq-Xaçpar, Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud,  Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Barapet, Ağkilisə-Cermakavan,  Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis,  Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan,  Piraqan-Byurakan, Daşqala-Karaberd, Bəzirxana-Dzithankov, Qızıltamur-Vosgevaz,  Melik kənd-Melik gyuğ, Güllücə-Vardenis, Gözəldərə-Geqadir, Qamışqut-Yeğeqnut,  Dərəkənd-Dzorakyuğ, Aqunk-Közlü, Qaradaş-Sevkar, Iydəli-Pşadavan, Güllübulaq-Vardağbyur,  Göl-Lick va s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün  toponimlərın - çayların, dağların, dəralərin, təpələrin, düzənliklərin adları  belə dəyişdirilib erməniləşdirilmişdir. Buna baxmayaraq əcdadlarımızın qoyduğu  müqəddəs adlar tarixin səhifələrındə, yeni nəsillərin yaddaşında silinməz  adlar kimi qalacaq, düşmənlərimizə ölümcül zərbə vuracaq, Azərbaycan xalqinin  haqq işinin qələbəsində mühüm rol oynayacaqdır.
